Maqsud İbrahimbəyovun ev muzeyində uşaqların incəsənət arzularının reallaşması

Məncə, hər insanın öz istedadı var. Bu istedadı özümüzdə görmək üçün mühitin, yanımızda olan insanların böyük rolu danılmazdır.

Ailədən kənarda yaşayan uşaqların istedadını görüb onlara inkişaf etmək üçün şərait yaradan adamların mövcudluğuna çox sevinirəm.

Onların sırasına Anna İbrahimbəyova, İçəri Şəhər Qoruğunun əməkdaşları, tanınmış və gənc rəssamlar – Fidan Kim, Bəhruz Kəngərli, Orxan Qarayev, Sayalı, keramika üzrə ustadlar, rejissorlar daxildirlər.

E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat, 8 saylı Sanatoriya tipli internat, E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəblərinin uşaqları Maqsud İbrahimbəyovun ev muzeyində dərs keçir, sonra isə öz sənət əsərlərini sərgidə təqdim etmək imkanı qazanıblar.

Bu imkan sadəcə istedada görə yaradılır. İstedArt çərçivəsində böyük işlər görülür.

Layihənin davamlı olmasını çox istərdim, çünki uşaqların incəsənət arzularının reallaşmasına dəstək ola bilər.

İstedArt-ın uşaqları dünyaca tanınmış incəsənət xadimlərinə çevrilməsini ürəkdən arzulayıram.

Maqsud İbrahimbəyovun ev muzeyini ziyarət edərkən, oradakı müsbət auradan doymadım. Mütləq yenə qayıdacağam. Ola bilsin, yeni layihə ilə.

Maqsud bəyin kitablarını hədiyyə almaq isə gözlənilməz və çox xoş bir məqam oldu.

İçərişəhərə gələn hər kəsə buranı görməyi məsləhət bilərdim.