Haqqında

Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakıda anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alan Zəhra 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur. 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir.

2005 ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006-2009-cu illərdə sədri vəzifəsini icra edir. 2006-2009 illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.

2007-ci ildə Eurovision mahnı müsabiqəsində seçim turlarının təşkilat komitəsinə dəvət alan Zəhra seçim turlarında musiqi koordinatoru, tur meneceri kimi “Eurovision-Azərbaycan” tərəfindən iştirak edir.

2008-2011 illərdə Gənclər və İdman Nazirliyində təşkilatçı menecer, aparıcı məsləhətçi vəzifələrində çalışır. 2011-2015-ci illərdə “OK!Azerbaijan” jurnalının baş redaktoru olur. 2014-2015-ci illərdə Avropa Oyunlarının əməliyyat komitəsində Mərasimlər departamentinin mədəniyyət üzrə məsləhətçisi, 2015-dən “Gamma group” şirkətinin direktoru kimi fəaliyyət göstərir.

Zəhra Bədəlbəylinin yaradıcılığa olan həvəsi özünü tez büruzə verir. Uşaq bağçasından səhnəyə maraq göstərən Zəhra artıq 1993-cü ildə ilk şeirini yazır, 2005-ci ildə “Один день эпохи равнодушия” (“Laqeydliyik dövrünün bir günü”) adlı ilk qısametrajlı filmdə çəkilir. 1994-2000-ci illərdə “Səyyah” caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. 2005-2009-ci illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. 2008-ci ildə Azərbaycanı Eurovision mahnı müsabiqəsində təmsil edən “Day after day” mahnısının sözlərinin müəllifi olur.

2011-ci ildə rus dilində ilk “За бесконечностью явлений” (“Təzahür sonsuzluğunun arxasında”) adlı şeir kitabı çap olunur. 2012-ci ildə Nigar Camal və Dima Bilanın ifa etdiyi “Come into my world” mahnısının sözlərini yazır, 2013-cü ildən Azərbaycan Yazıçılar İttifaqına üzv olur. 2013-cü və 2015-ci illərdə stihi.ru saytında qeyd olunan Rusiyanın “Поэт года” kitabına şeirləri daxil edilir. 2015-ci ildə Avropa Oyunlarında Tünzalə Ağayeva və Kelli Coysun (Kelly Joyce) birgə ifa etdiyi “Bakımın Üzü Gülür” (Baku Smiles) mahnısının ingilis dilində olan hissəsinin sözlərini yazır. Ümumilikdə 16 mahnının sözlərinin müəllifidir.

2018-ci ildə fortepiano ifalarından ibarət videoları öz Youtube kanalına yükləməyə başlayır. 2018-ci ildə rus dilində “В твоих руках” (“Sənin əllərində”) ikinci şeir kitabı çap olunur. Kitabın təqdimatı elə həmin il Muğam Mərkəzində keçirilir.