Kateqoriya: Ümumi

ZƏHRA BƏDƏLBƏYLi FAVORiTLƏRiNi AÇIQLAYIB

Ölkəmizin Avroviziya mahnı müsabiqəsindəki ilk mahnısının söz yazarı və müsabiqə üzrə musiqi koordinatoru kimi çalışmış Zəhra Bədəlbəyli İctimai Televiziya yayımlanan “Eurovision Xəbərləri” verilişində İsrailin Təl-Əviv şəhərində baş tutacaq “Eurovision 2019” mahnı müsabiqəsində favoritlərini açıqlayıb.

Şairə, prodüser Zəhra Bədəlbəylinin proqnozuna görə müsabiqənin qalibi “Arcade” mahnısı ilə Hollandiya təmsilçisi Duncan Laurence olacaq.

İkinciliyi uğrunda isə İtaliya təmsilçisi Mahmood ilə Fransa təmsilçisi Bilal Hassani mübarizə aparacaq.

Müsabiqənin bürünc medalı isə keçən ilin gümüş medalının sahibi Kipr olacaq. Kipri gürcü ifaçı Tamta “Replay” adlı mahnı ilə təmsil edəcək.


Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnəyə çıxacaq.

Mənbə: infeazerbaijan.org,  02.05.2019

“Bakı Marafonu – 2019” – pozitiv enerjinin toplandığı yarışma

Bu il “Bakı Marafonu – 2019” (Baku Marathon 2019) yenə də bayram kimi keçdi.

İlbəil daha da böyük insan kütləsini üzünə maqnit kimi cəlb edən qaçış marafonu sözün əsl mənasında pozitiv enerjinin episentrinə çevrilir.

Tədbiri səbirsizliklə gözləyirik, çünki bizi bir arada toplayır. Ötən ilə nisbətən bu dəfə bir qədər az, cəmi 6 km qaçsam da, növbəti yarışa daha mükəmməl formada qatılmağa çalışacağam.

İdmanla mütləq məşğul olmağa vaxt tapın, heç bir bəhanəyə yer qoymayın. Bir sözlə, atalar əbəs yerə “sağlam bədəndə sağlam ruh olar” deməyiblər

İctimai TV-nin “Eurovision xəbərləri” verilişində

Zəhra Bədəlbəyli İctimai TV-də yayımlanan “Eurovision xəbərləri” verilişinin qonağı olub, Avroviziya 2019-da iştirak edən ölkələrdən 7-si barədə rəy bildirib.

Bu ölkələrdən Danimarka, Estoniya, Almaniya, İsrail, Finlandiya, Polşa və Monteneqro müzakirə olunub, Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin çıxışına böyük ümidlər bəslənildiyi deyilib.

“Bir, iki, bizimki”…

Kamal Abdullanın “Bir, iki, bizimki” adlı pyesinə Əlif Cahangirin quruluşunda baxdığım tamaşadan sonra teatra sevgim qat-qat artıb.

Ölüm, ölümə qarşı qorxu…

Məncə, həyatımızın iki əsas yolu var – qorxu və sevgi. Qorxu olanda çox şeyi dərindən dərk edə bilmirik, hiss etməyə imkan tapmırıq. Bu qorxular insanların bir-biri ilə münasibətinə böyük zərbə vurur.

Ölüm isə həyatımızın ən böyük qorxusuna çevrilir, çünki ölümdən sonrakı həyat sual altındadır. Sual olmasaydı, qorxu da olmazdı yəqin. Ancaq inam və sevgi ilə yaşayan kəs qorxu olmadan real həyatı tərk edə bilir… Real? Əslində, o tərəfdəki həyat buradakından daha real ola bilər.

“Sənin ağlında nə varsa – orda hər şey mövcuddur…”

Teatrda da öz beynində mövzuya aid olan rəsmləri tamaşaçıya çatdırmaq üçün milyonlarla üslub, xətt, vasitələr mövcuddur.

Onlardan istifadə etmək üçün rejissor və aktyorlar da qorxudan azad olmalıdırlar. Məhz bu azadlıq Ayşad Məmmədov və Ziya Ağanın ifasında çox aydın hiss olunur.  Quruluş çox qeyri-adi görünsə də, tamaşaçını tam apara bilir.

Tamaşadan sonrakı təəssürat çox maraqlı göründü. Musiqi ilə işıq kompozisiyaların harmoniyasını duya bildim.

İki dəfə tamaşanı izlədim, yenə də baxmaq istərdim. Qorxulardan azad olmaq üçün…

Zəhra Bədəlbəyli: İllərlə qazandığın ad-sanı bir saniyədə itirə bilərsən

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə, prodüser Zəhra Bədəlbəylinin Oxu.Az-a (10 aprel 2019-cu il) müsahibəsi: 

– Zəhra Bədəlbəyli istedadlı pianoçu, bir çox tanınmış mahnıların sözlərinin müəllifi, bir neçə şeir kitabının yaradıcısı kimi tanınır. Amma son dövrlərdə özünüzü daha bir sahədə sınaqdan keçirirsiniz. Niyə aktrisa olmaq qərarına gəldiniz?

– Əslində, uşaqlıqdan səhnədəyəm. Aktrisa olmaq arzusu o zamandan içimdə olub. Ölkəmizdə isə həmin dövrdə kino, demək olar, çəkilmirdi.

Son illərdə həm dövlətin dəstəyi ilə, həm fərdi şəkildə çəkilən filmlər kinematoqrafiyanın inkişafından xəbər verir. Ssenarist və rejissorların inamı məni çox həvəsləndirdi.

Onlar məni filmlərə dəvət etməyə başlayanda isə özümdə aktyorluq bacarığını daha çox aşkarladım. Amma aktrisa olduğumu hələ təsdiqləməli olacağam. Çox işləməliyəm, öyrənməliyəm.

– Hansı filmlərə çəkilmisiniz? İşləriniz uğurlu alınır, yoxsa hansısa çətinliklə qarşılaşırsınız?

– Birinci qısametrajlı filmə 15 il əvvəl çəkilmişəm. Sonra isə tammetrajlı filmlərdə epizodik rollara dəvət aldım. Onların sırasında “Şər qarışanda”, “Ağ tük” filmləri yer alıb. Maraqlı rol “Siçan və Pişik” filmində olub, amma o, hələ Bakıda göstərilməyib. Nümayiş olunmasını çox istərdim, çünki kinomuzda yeni bir üslubdur.

Çətinliklə qarşılaşmıram. Ümumiyyətlə, bu sözü xoşlamıram. Sadəcə, həyatda bir mərhələdən o biri mərhələyə keçəndə öz üzərində çox işləmək, yeni informasiyaya açıq olmaq, təcrübəli peşəkarların sözünə qulaq asmaq lazımdır. Onda bütün çətinlikləri qısa zamanda aradan götürmək olur.

– Daha çox kinoda çəkilmək üçün dəvət alırsınız. Teatr səhnəsində çıxış etmək barədə düşünürsünüzmü? Deyirlər, teatr aktyoru olmaq xeyli çətindir.

– Bəli, mən də belə hesab edirəm. Bu formata uyğunlaşmaq çətindir. Aktyor və yaxud pianoçu illərlə topladığı ad-sanı bir saniyədə itirə bilər. Məsələn, səyahətlə bağlı problemlərə, həyəcana, zalın pis reaksiyasına görə və sair.

Bir də var zamansız incəsənət, onu biz hazırlayıb sonra tamaşaçıya təqdim edə bilirik. Bura kino, rəsm kimi janrlar aiddir, yəni sənətkar bir növ özünü sığortalaya bilir.

Ona görə də teatr kinodan çox fərqlidir. Amma mən bu sınağa özümü hazırlayıram. Artıq baş rol aldığım bir tamaşanın üzərində bir aydan artıq iş gedir. Çox maraqlıdır, tam yeni bir formatdır. Teatr tamaşasından əlavə bu bir yeni platforma olacaq və ümidvaram, bu platforma bizim teatrın inkişafına yardım edəcək.

– Bir müsahibənizdə Azərbaycan aktrisaları üçün münasib rolların olmadığını demisiniz. Yəni qadını müsbət baş qəhrəman edəcək ssenarilər yoxdur mənasında. Özünüz layiqli ssenari yaratmaq və baş rolda çəkilmək barədə düşünmüsünüzmü? Kinoda kimi canlandırmaq istərdiniz?

– Bəli, demişəm. Maraqlı ancaq müsbət demək deyil. Çox istərdim ki, dərin, mənalı obrazlar olsun. Ssenari yazmaq üçün də çox bilik əldə etməliyəm. Bu barədə düşünürəm. Ümumiyyətlə, aktyorluqdan başqa həm prodüser, həm də ssenari müəllifi kimi özümü sınamağa başlamışam.

Bu yaxınlarda “Sənin əllərində” adlı kitabımın qısametrajlı filmini dostlarımla çəkmişik. Onun ssenarisi mən və Mik Bluma, rejissor işi isə Orxan Fuladiyə aiddir. Prodüser işini də filmdə üzərimə götürmüşəm. Filmin festivallarda iştirakı nəzərdə tutulub.

Digər mənbələr: seherxeber.org ,  sonxeber.az ,  qaynarinfo.az , big.az , milletinsesi.info , milli.az , aznews.info