Kateqoriya: Ümumi

Ölkədə keçirilən festivallar turizmin inkişafına təsir edirmi? – AÇIQLAMA

Son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanda həm də lokal səviyyəli, daha çox daxili bazara hesablanmış festivallar, sərgilər və maraqlı tədbirlər keçirilir.

Nar, xurma, alma, üzüm, xalça festivalları ilə yanaşı “Caz festivalı”, “Qəbələ musiqi festivalı”, “Muğam Dünyası” Beynəlxalq musiqi festivalı, “Bakı-Avropa şəhərciyi” festivalı kimi tədbirlərin ilbəil ölkədə keçirilməsi gözəl ənənəyə çevrilib.

Avqustun sonuncu həftəsində Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda artıq neçə ildir reallaşan klassik avtomobillərin yürüşü və sərgisi də keçirilib. Tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edib. Yürüşlə paralel olaraq “retro vintage” üslubunda geyim müsabiqəsi də təşkil olunub.

Yarışmada ikinci yerə layiq görünən aktrisa və incəsənət xadimi Zəhra Bədəlbəyli məsələ ilə bağlı “Report“a açıqlamasında bildirib ki, libasını müsabiqədə iştirak üçün seçməyib:

“Məncə, bu bir bayramdır. Dərin mənası var ya yox deyə bilmərəm. Şəxsən mənə bu avtomobilləri görmək, onlar haqqında məlumat almaq çox maraqlıdır. Bu, bir növ tariximizə nəzər salmaqdır, çünki maşınların çoxunun öz qeyri-adi tarixçəsi var.

Geyim yarışması mənim üçün başqa bir fürsət idi. Çox sevdiyim retro üslubunda geyinmişdim. Adi tədbirlərə belə geyimdə getmək mümkün olmur, amma burada tam uyğun görünürdü. Amma bu geyimimi də müsabiqədə iştirak üçün istifadə etməmişdim. Ötən illərdə müsabiqə olmurdu, amma mən yenə də bu üslubda geyinməyə çalışırdım.

Bu il isə XX əsrin 40-cı illərinə uyğun geyinməyə cəhd etdim. Daha doğrusu, çox sevdiyim “Perl Harbor” filmi məni ilhamlandırdı. Müsabiqədə ikinci yer tutmağım isə məni həm sevindirdi, həm də hədiyyə aldım. Ona görə də həm təşkilatçılara, həm də münsiflər heyətinə çox minnətdaram. Çox istərdim bu retro-yürüş illərlə ənənəvi olaraq baş tutsun”.

Bəs belə tədbirlər ölkəyə nə verir? Turizmin inkişafına nə qədər kömək edir?

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin fikrincə, keçirilən festivalların hər birinin turist cəlbetmə potensialı var:

“Dövlət Turizm Agentliyi olaraq bizə müraciət olunduğu zaman bir çox festivallara dəstək oluruq. İndi əsas məsələ həmin festivalların turizm məhsuluna çevrilməsidir. Bu festivallar ənənəvi xarakter daşısalar, hər il eyni zamanda keçirilsələr, onlar turizm təqviminə otura bilərlər. Yerli və xarici turistlər müəyyən edə bilərlər ki, hansı ayda, hansı bölgədə, hansı festival var. Bunların hamısının turist cəlbetmə potensialı var.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə

“Yerli və xarici turistlər müəyyən edə bilərlər ki, hansı ayda, hansı bölgədə, hansı festival var. Bunların hamısının turist cəlbetmə potensialı var”.

Hər bir festivalın öz təşkilatçısı var. Dövlət Turizm Agentliyi bir ildir yaradılıb. Biz əməkdaşlıq etdiyimiz, dəstək olduğumuz festivallara turizm cəlb etməklə bağlıüsulları göstəririk. Festivalı turizm məhsuluna çevirməklə bağlı məlumat veririk. Festival əslində keçirilən regionun həm tanıdılmasıdır, həm təbliğatıdır, həm də ki regiona gəlir gətirə biləcək bir hadisədir. Biz çalışırıq ki, təşkilatçılara bu festivalların məhz turizm məhsuluna çevrilməsinin yollarını göstərək”.

Kənan Quluzadə bildirib ki, növbəti il festivalların turizmin inkişafına hansı dərəcədə töhfə verdiyi daha aydın olacaq:

“Biz bu il bir neçə festivala dəstək olmuşuq. Gələn il bu festivalların bəhrəsini görəcəyik. Onlar, bizim xaricdə və daxildə apardığımız turizm təbliğatının bir hissəsinə çevriləcək. Artımla bağlı gələn il detalları daha ətraflı göstərə biləcəyik. İndinin özündə də festivallara maraq böyükdür. Amma bu marağın ilkin mərhələsidir”.

Retro avtomobillərin yürüşündə “Retro vintage” geyim müsabiqəsi təşkil olunub

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib. Tədbirdə 1980-ci ilədək istehsal olunmuş klassik avtomobillər iştirak edib.

Yürüşlə paralel olaraq “retro vintage” üslubunda geyim müsabiqəsi də təşkil olunub. Tanınmış rəssamların da təmsil olunduğu münsiflər heyətinin qərarı ilə aktrisa və incəsənət xadimi Zəhra Bədəlbəyli ikinci yerə layiq görülüb. Müsabiqəyə xalq artisti Aygün Kazımova, əməkdar artist Ədalət Şükürov və digərləri qoşulub.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş edib.

Virtual oyun həvəsi: mədəniyyəti üstələyən sosial bəla ya gəlir gətirən peşə?

Rəqəmsal texnologiyalar günümüzü, demək olar, zəbt edib. Gənclər hər hansı bir teatr tamaşasına getməkdənsə, daha çox “pleysteyşn” salonlarında zaman sərf etməyi, kompüter və smartfonlarda oyun oynamağı seçirlər. Oyun asılılığı müasir dövrün ən ciddi probleminə çevrilib. Gənclər imkan düşən kimi ya oyun oynayır, ya da bayağı musiqi dinləyirlər. Klassik musiqi də dəbdə deyil.

Anews.az problemi araşdırıb.

İncəsənət xadimi, aktrisa, pianoçu Zəhra Bədəlbəylinin fikrincə, ölkəmizdə mədəni tədbirlər heç də az keçirilmir: “Hətta ağır dövrlərdə belə insanlarımız mədəniyyəti qoruyub-saxlamağa cəhd edib. İndi isə günü-gündən artan tədbirlərə gənclərdə də maraq artır.
Amma bununla yanaşı rəqəmsal cihazlardan ayrılmayanlar da var. Fikrimcə, bu məsələyə həm orta məktəb, həm də televiziya vasitəsilə təsir etmək olar.

Əgər cihazları uşaqların əlindən götürmək çətindirsə, onda həmin cihazların vasitəsilə maraqlı və faydalı informasiyanı ötürmək lazımdır. Məhz bu cür ideyaların reallaşmasına çalışmalıyıq”.

Aktrisa bildirib ki, mədəniyyətə maraq məktəbdə və ailədə yaranmalıdır: “Bu işdə televiziya və radionun çox böyük rolu var. Əslində, mədəni olmağı dəbə salmaq lazımdır. Mənim “Mədəni Ol” layihəm məhz bunun üçün düşünülüb. Biz indi bu

vəziyyətə təsir etməsək, oyundan asılı gələcək nəsil mədəniyyət anlayışını heç bilməyəcək. Layihəmin adı kobud səslənə bilər, amma insanları fikirləşməyə vadar etməliyik, çünki mədəniyyət cəmiyyətin əsas təməlidir”.

Sosioloq Əhməd Qəşəmoğlu virtual oyunlardan asılılığı sosial bəla adlandırıb:

“Virtual oyunlardan asılılığın yaranması çox qorxunc bir haldır. Buna sosial bəla deməyimiz çox doğru olar. Bu asılılıq insanlara hər tərəfdən zərbə vurur. Hər bir insanın inkişafında ən mühüm olan onun fiziki sağlamlığı, mənəvi zənginliyi və əməyə yaradıcı münasibət tələbatının artmasıdır. Bunlar olduqda insanın, cəmiyyətin həyatı ahəngdar, normal olur.

Bəs virtual oyunlardan asılılıq nə edir? Həmin gənclər bəzən səhər saatlarına kimi bu oyunların aludəçisi olurlar. Bu zaman ilk olaraq fiziki sağlamlığa böyük zərbə dəyir, insan öz fiziki sağlamlığını itirir, yeniyetmələrin, gənclərin əsəbi pozulur. 

Həyatın əsas şərtlərindən biri mənəvi zənginlikdirsə, həmin virtual proseslərə başı qarışan insanlar öz dərslərini unudur, ancaq oyunla məşğul olurlar. Onların içində əxlaqa zidd, kriminal aləmə aid, xoşagəlməz məlumat az deyil. İnsan bu virtual asılılıq hesabına mənəviyyata, əxlaqa zidd olan mühitə düşür və o mühitdə formalaşır. Onlar mənəvi cəhətdən böyük zərbə alırlar.

Virtual oyundan asılı olan adam həm də öz karyerasını qura bilmir. Həmin vaxtda bu adamlar yaxşı tələbə, idmançı, işçi ola bilərdi. Bu da daha bir zərbədir. 
Üçüncü vacib məsələ isə hər bir insanda əməyə yaradıcılıq tələbatının olmasıdır. Virtual asılılıq olan adamda isə öz əməyinə yaradıcılıq tələbatı olmur. İşinə qarşı səhlənkar münasibət yaranır. Yəni insan artıq diqqətini əməyə yönəldə bilmir.  
Virtual asılılıq bu 3 şərtin hər birinə zərbə vurur. Bunlar insanı məhv edir. Bilmək lazımdır ki, kompüter, sosial şəbəkələr vacib vasitələrdir. Amma onları öz təyinatına görə istifadə edəndə gözəldir. Virtual asılılıq zamanı isə bunlar qorxuludur. 

Dəfələrlə demişəm ki, internet bir ilan zəhəri kimidir. Düzgün istifadə edəndə çox qiymətli dərman, artıq olanda zərərvericidir. Ona görə biz çalışmalıyıq ki, hər yerdə bu məsələlərlə bağlı maarifləndirmə işləri aparılsın və əhalidə internetdən istifadə etmə mədəniyyəti formalaşsın. Təəssüf ki, bu gün o mədəniyyət yoxdur. Bu mədəniyyətin olmaması ümumi mədəniyyətimizə və yeni nəslin keyfiyyətinə böyük zərbədir”.

Virtual oyun həvəskarı Kamran Əhmədli bildirib ki, oyun oynamaq onu digər işlərindən ayırmır:

“Virtual oyunlarla 4 və ya 5 yaşımdan məşğul oluram. Məktəbdə oxuyan zaman bu oyunlara gündə 7 saata yaxın vaxtım gedirdi. İndi isə 1-2 saat məşğul oluram. Oyun oynamaq məni heç bir halda başqa işlərdən ayırmır. Hər bir işimi planlı olaraq vaxtında edirəm.

Bu, mənim üçün hobbidir. Oyun oynamağa heç vaxt bir iş, peşə kimi yanaşmamışam. Təbii ki, bu işə ciddi yanaşanlar da var. “Geymer”lər bütün dünyada fəaliyyət göstərir. Məncə, onları bir ölkə ilə limitləmək olmaz. Çünki “pro-geymer”lər çempionatları fərqli-fərqli ölkələrdə keçirir, daim bir ölkədə yaşamırlar. Ona görə də “geymer”in hansı ölkədə daha yaxşı gəlir əldə edə bilmək məsələsi aktual deyil”.

Virtual oyunları asılılıq hesab etməyən geymer vacib işi olduğu zaman oyun oynamağa ehtiyac duymadığını söyləyib: “Mənə görə oyun asılılıq deyil. Çünki istəmədiyim və ya hansısa daha vacib işim olduğu zaman oyun oynamağa ehtiyac duymuram. Sadəcə boş vaxtlarımda virtual oyunlardan istifadə edirəm. Məncə, dostlarla hər hansı çayxanada, kafedə oturmaqdansa, bir yerdə kompüter oyunu oynamaq daha maraqlı vaxt keçirməkdir”.

Mənbə: anews.az

“Musiqi Qüvvəsi” konserti baş tutdu

26 iyunda Beynəlxalq Muğam Mərkəzində Zəhra Bədəlbəyli və Ceyla Seyidovanın “Musiqi Qüvvəsi” adlı konserti baş tutdu. Konsert proqramında Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Əziz Əzizli, Astor Piazzolla, Rolf Lovlandın əsərləri səsləndi. Klassik musiqi incilərinin BMM-nin səhnəsindən səslənməsi Azərbaycan bəstəkarlıq məktəbinin dəyərli irsinin təbliği və təqdimi qürurvericidir. Geyimlər yerli dizayner Zümrüd Mirzəliyevaya aiddir.

İşgüzar qadın bizneslə şəxsi həyat arasında harmoniyaya necə nail olmalıdır?

Azərbaycanda işgüzar qadınların sayı artmaqdadır. Sürətli inkişaf dövrünün tələbləri qadını pul qazanmağa, ailəni maddi baxımdan təmin etməyə və bizneslə məşğul olmağa sövq edir.

Ölkənin biznes idarəetməsindəki xanımlar getdikcə fəaliyyət dairəsini genişləndirərək dünya səviyyəsinə çıxır, beynəlxalq platformalarda söz sahibi olduqlarını nümayiş etdirir, fərdi sahibkarlığın bir çox sahələrində özlərini uğurla sınaqdan keçirirlər.

Bəs Azərbaycan  xanımı biznes, şəxsi həyat, ailə arasındakı harmoniyanı necə tənzimləyir?

Hər iki övladı ölkə xaricində təhsil alan, Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova bildirir ki, seçdiyi həyat tərzi çox çətindir:

“Hazırda övladlarımın elə yaşıdır ki, yanlarında onlara dəstək verən anaya ehtiyacları var. Nə qədər çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışıram. Amma seçimimə görə peşman deyiləm.

Mənə görə, hər bir qadın dünyaya gələndə artıq təbiət ona bu məsuliyyət hissini bağışlayır. Bizim ölkədə qadın bacardığı qədər məsuliyyət daşımağa öyrəşib. Lakin işin məsuliyyəti təəssüf ki, şəxsi həyatıma maneə törədir. Çünki ailəmdən çox işimə və işçilərimə vaxt ayırmalı oluram. Bu da heç asan deyil.

“Beauttech” artıq adi salon deyil. Bu, bir sistem üstündə qurulan şirkətdir və daim inkişaf edir. İndiki zamanda ən üstün hədəfim onlayn və rəqəmsal idarəetmə sisteminin mükəmməlləşməsidr. Bunu da addım-addım, uğurla həyata keçirirəm.

Özümə də mütləq vaxt ayırmalıyam. İlk olaraq qadın olduğuma görə. Həm də bir gözəllik mərkəzinin simasıyam”.

Tanınmış aktrisa, pianoçu və yazıçı Zəhra Bədəlbəylinin fikrincə, şəxsi həyatla iş arasında harmoniyanı əldə etmək çox asandır:

“Sadəcə həyatın bütün məqamlarına və ətrafında olan hər bir insana sevgi və hörmət ilə yanaşmaq kifayətdir.  Onda nə iş, nə də başqa məsələlər şəxsi həyata təsir etmir.

İşi də mütləq sevmək lazımdır. Yoxsa o iş sadəcə sizin vaxtınızı alıb o zamanda sizi girov götürərək həyatdan çıxaracaq. Bu vaxt günün çox zamanını aparırsa, deməli siz günün böyük hissəsini sevgisiz yaşayırsınız, hətta deyərdim yaşamırsınız.

Mən hər bir işlədiyim sferadan zövq alıram. Hobbilərimi soruşanda çəkinmədən cavab verə bilirəm ki, bütün hobbilərim işə çevrilir və bütün işlərimi hobbi kimi sevirəm. Amma çətinliyim də az olmur. Adətən sutkada olan 24 saat mənə bəs eləmir. Buna görə illərlə özümdə vaxta qənaət və cədvəl qurmaq hissini tərbiyə etmişəm”.

Zəhra Bədəlbəyli vurğulayır ki, özünü incəsənətə həsr etməyinin heç bir mənfi tərəfi yoxdur: “Mənim bütün həyatım onunla bağlıdır. Həyatımda baş verən bütün hadisələr incəsənət ətrafında fırlanır. Bütün insanlar kimi incəsənət insanların da dostları olur, ailələri, tanışları  olur.

Əlbəttə hansısa tədbir zamanı, ona yaxın bütün ətrafda olan insanlara diqqət ayırmaq olmur. Amma gündəlik həyatımda demək olar ki, heç bir münasibətə təsir etmir. Təbii ki, mənə ən yaxın insanlar daha çox incəsənəti bilən və ya incəsənətə yaxın insanlardır”.

“ALZA” butiklərinin və “Wowoman” qadın platformasının təsisçisi, “Forbes” jurnalının 30 yaşdan aşağı “30 avropalı sosial sahibkar” siyahısında yer alan Zara Hüseynova qeyd edib ki, ailə qurmağı iş həyatına yalnız pozitiv təsir edib:

“Yoldaşım hər zaman mənə atamdan daha çox azadlıq verib. Ona görə də yanımızda olan insanları düzgün seçməliyik. Çünki onlar bizi ya qabağa aparır, ya da geri çəkirlər.

İş qadınları heç nədən imtina etməli deyil. Dediyim kimi, sadəcə seçim düzgün olmaldıır. Belə olanda həyatdan birlikdə zövq almaq, birlikdə böyümək mümkündür. Sahibkarlar 7 gün, 24 saat işləyir. Heç kim düşünməsin ki, biznes qurulandan sonra iş həyatı daha rahat olur. Əksinə gedib yatanda da problemlərin həllini axtarırsan. Bu seçimindən zövq alırsansa, imtinaya məhkum deyilsən. Amma olduqca çətindir.

Biznesi qurmaq çətindir, gənc qadın olaraq lap çətin idi. 8 il bundan əvvəl “Wowoman”ı yaratdıq. Hələ də problem var, amma getdikcə hər şey yaxşılığa doğru dəyişir. Mən öz arzularımın dalınca gedirdim. Amma ətrafımda olan bir çox qızlar öz seçimlərini etmirdilər. Mən də özümü tək hiss edirdim. Elə bir platforma yaratmaq istəyirdim ki, orada qızlar, qadınlar öz arzularının arxasınca gedə bilsinlər. Bilikləri, motivasiyaları, dəstəkləri olsun. Başa düşürdüm ki, dəstək sistemi çox vacibdir. Elə bir sistem yaradırıq ki, hər bir qadından ondan istifadə edib qabağa gedə bilər”.

Zara Hüseynova çoxuşaqlı qadınların iş həyatından da söz açıb: “3-4 uşaqlı bir qadın biznes qura bilərmi? Bu haqda təcrübəm olmadığı üçün tam cavab verə bilməyəcəyəm. Çoxuşaqlı qadın işləməyərək xoşbəxtdirsə, niyə məcbur eləməliyik ki, işləsin? Amma o uşaqları böyütmək üçün daimi olaraq oxumaq, trendləri bilmək lazımdır. Özünü inkişaf etdirməlisən ki, uşaqlara nümunə ola biləsən.

Geniş imkanlar hamıda var. Onları görmək üçün öz üzərində işləməli, özünə investisiya eləməlisən. Bunları istifadə etmək üçün isə cəsarətli olmalısan. Praktikanın da böyük əhəmiyyəti var. Nə qədər çox öz üzərində işləsən, imkanları bir o qədər çox görəcəksən.

Yenə də istəmirəm ki, hər şey çəhrayı dünya kimi görünsün. Doğrudan da çətindir. Amma o sizin dəyərlərinizdən, arzularınızdan, prioritetlərinizdən asılıdır. Nə qədər çox özünü tanısan, atanı, qonşularını, sosial şəbəkə dostlarını yox, özünü xoşbəxt edən şeyləri  bilsən, onda hər şey daha asan olacaq”.

Mənbə: marja.az

Maqsud İbrahimbəyovun ev muzeyində uşaqların incəsənət arzularının reallaşması

Məncə, hər insanın öz istedadı var. Bu istedadı özümüzdə görmək üçün mühitin, yanımızda olan insanların böyük rolu danılmazdır.

Ailədən kənarda yaşayan uşaqların istedadını görüb onlara inkişaf etmək üçün şərait yaradan adamların mövcudluğuna çox sevinirəm.

Onların sırasına Anna İbrahimbəyova, İçəri Şəhər Qoruğunun əməkdaşları, tanınmış və gənc rəssamlar – Fidan Kim, Bəhruz Kəngərli, Orxan Qarayev, Sayalı, keramika üzrə ustadlar, rejissorlar daxildirlər.

E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Respublika xüsusi internat, 8 saylı Sanatoriya tipli internat, E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəblərinin uşaqları Maqsud İbrahimbəyovun ev muzeyində dərs keçir, sonra isə öz sənət əsərlərini sərgidə təqdim etmək imkanı qazanıblar.

Bu imkan sadəcə istedada görə yaradılır. İstedArt çərçivəsində böyük işlər görülür.

Layihənin davamlı olmasını çox istərdim, çünki uşaqların incəsənət arzularının reallaşmasına dəstək ola bilər.

İstedArt-ın uşaqları dünyaca tanınmış incəsənət xadimlərinə çevrilməsini ürəkdən arzulayıram.

Maqsud İbrahimbəyovun ev muzeyini ziyarət edərkən, oradakı müsbət auradan doymadım. Mütləq yenə qayıdacağam. Ola bilsin, yeni layihə ilə.

Maqsud bəyin kitablarını hədiyyə almaq isə gözlənilməz və çox xoş bir məqam oldu.

İçərişəhərə gələn hər kəsə buranı görməyi məsləhət bilərdim.

 

Məxfi Əsirlər

Müharibədə insanlıq uduzur.
Amma qalibiyyəti məhz insanlar qazanır.
Həmin şəxslər tarixi yazır. Çünki insanlıq itən yerdə özünü itirməmək, Vətəni düşünərək düşmənə davamlı hücum etmək əsl qəhrəmanlıqdır.
Bizim tariximiz boyunca belə insanlar olub və indi də aramızda yaşayırlar.
Zəhra Quliyevanın “Məxfi Əsirlər” adlı bədii-sənədli filmi məni çox təsirləndirdi.
Emosional, informativ və çox dəyərli bir işdir.
Biz heç vaxt öz qəhrəmanlarımızı unutmamalıyıq.
Onları xatırlayaraq itirilmiş torpaqlarımızın bərpası uğrunda həmişə döyüşməyə hazır olub bütün dünyada sülh naminə çalışmalıyıq.

Şuşaya qayıdış necə olacaq?

Mayın 8-də Antenn FM radiosunun “Birinci şou” verilişinin efirində Şuşa mövzusunda dərdləşdik, 27 il öncə itirdiyimiz şəhəri xatırladıq.

“Şuşaya qayıdış necə olacaq” mövzunda mənim valideyn və qohumlarımın Şuşa xatirələrindən bir xeyli danışdıq.

Mən Şuşaya qayıdışı çox aydın görürəm. Ümidvaram, Şuşa məhz Azərbaycan şəhəri olaraq çox yaxın bir zamanda Qafqazın mədəniyyət paytaxtı adını özünə qaytara biləcək. İstərdim, Şuşanı itirdiyimiz 8 may 1992-ci ili yox, ora geri döndüyümüz ili və günü ilbəil qeyd edək. Amin!