Kateqoriya: Teatr

“Bir, iki, bizimki”…

Kamal Abdullanın “Bir, iki, bizimki” adlı pyesinə Əlif Cahangirin quruluşunda baxdığım tamaşadan sonra teatra sevgim qat-qat artıb.

Ölüm, ölümə qarşı qorxu…

Məncə, həyatımızın iki əsas yolu var – qorxu və sevgi. Qorxu olanda çox şeyi dərindən dərk edə bilmirik, hiss etməyə imkan tapmırıq. Bu qorxular insanların bir-biri ilə münasibətinə böyük zərbə vurur.

Ölüm isə həyatımızın ən böyük qorxusuna çevrilir, çünki ölümdən sonrakı həyat sual altındadır. Sual olmasaydı, qorxu da olmazdı yəqin. Ancaq inam və sevgi ilə yaşayan kəs qorxu olmadan real həyatı tərk edə bilir… Real? Əslində, o tərəfdəki həyat buradakından daha real ola bilər.

“Sənin ağlında nə varsa – orda hər şey mövcuddur…”

Teatrda da öz beynində mövzuya aid olan rəsmləri tamaşaçıya çatdırmaq üçün milyonlarla üslub, xətt, vasitələr mövcuddur.

Onlardan istifadə etmək üçün rejissor və aktyorlar da qorxudan azad olmalıdırlar. Məhz bu azadlıq Ayşad Məmmədov və Ziya Ağanın ifasında çox aydın hiss olunur.  Quruluş çox qeyri-adi görünsə də, tamaşaçını tam apara bilir.

Tamaşadan sonrakı təəssürat çox maraqlı göründü. Musiqi ilə işıq kompozisiyaların harmoniyasını duya bildim.

İki dəfə tamaşanı izlədim, yenə də baxmaq istərdim. Qorxulardan azad olmaq üçün…