Müəllif: Zahra Badalbayli

Şuşaya qayıdış necə olacaq?

Mayın 8-də Antenn FM radiosunun “Birinci şou” verilişinin efirində Şuşa mövzusunda dərdləşdik, 27 il öncə itirdiyimiz şəhəri xatırladıq.

“Şuşaya qayıdış necə olacaq” mövzunda mənim valideyn və qohumlarımın Şuşa xatirələrindən bir xeyli danışdıq.

Mən Şuşaya qayıdışı çox aydın görürəm. Ümidvaram, Şuşa məhz Azərbaycan şəhəri olaraq çox yaxın bir zamanda Qafqazın mədəniyyət paytaxtı adını özünə qaytara biləcək. İstərdim, Şuşanı itirdiyimiz 8 may 1992-ci ili yox, ora geri döndüyümüz ili və günü ilbəil qeyd edək. Amin!

ZƏHRA BƏDƏLBƏYLi FAVORiTLƏRiNi AÇIQLAYIB

Ölkəmizin Avroviziya mahnı müsabiqəsindəki ilk mahnısının söz yazarı və müsabiqə üzrə musiqi koordinatoru kimi çalışmış Zəhra Bədəlbəyli İctimai Televiziya yayımlanan “Eurovision Xəbərləri” verilişində İsrailin Təl-Əviv şəhərində baş tutacaq “Eurovision 2019” mahnı müsabiqəsində favoritlərini açıqlayıb.

Şairə, prodüser Zəhra Bədəlbəylinin proqnozuna görə müsabiqənin qalibi “Arcade” mahnısı ilə Hollandiya təmsilçisi Duncan Laurence olacaq.

İkinciliyi uğrunda isə İtaliya təmsilçisi Mahmood ilə Fransa təmsilçisi Bilal Hassani mübarizə aparacaq.

Müsabiqənin bürünc medalı isə keçən ilin gümüş medalının sahibi Kipr olacaq. Kipri gürcü ifaçı Tamta “Replay” adlı mahnı ilə təmsil edəcək.


Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalında 18-ci nömrə altında səhnəyə çıxacaq.

Mənbə: infeazerbaijan.org,  02.05.2019

“Bakı Marafonu – 2019” – pozitiv enerjinin toplandığı yarışma

Bu il “Bakı Marafonu – 2019” (Baku Marathon 2019) yenə də bayram kimi keçdi.

İlbəil daha da böyük insan kütləsini üzünə maqnit kimi cəlb edən qaçış marafonu sözün əsl mənasında pozitiv enerjinin episentrinə çevrilir.

Tədbiri səbirsizliklə gözləyirik, çünki bizi bir arada toplayır. Ötən ilə nisbətən bu dəfə bir qədər az, cəmi 6 km qaçsam da, növbəti yarışa daha mükəmməl formada qatılmağa çalışacağam.

İdmanla mütləq məşğul olmağa vaxt tapın, heç bir bəhanəyə yer qoymayın. Bir sözlə, atalar əbəs yerə “sağlam bədəndə sağlam ruh olar” deməyiblər

İctimai TV-nin “Eurovision xəbərləri” verilişində

Zəhra Bədəlbəyli İctimai TV-də yayımlanan “Eurovision xəbərləri” verilişinin qonağı olub, Avroviziya 2019-da iştirak edən ölkələrdən 7-si barədə rəy bildirib.

Bu ölkələrdən Danimarka, Estoniya, Almaniya, İsrail, Finlandiya, Polşa və Monteneqro müzakirə olunub, Azərbaycanı təmsil edəcək Çingiz Mustafayevin çıxışına böyük ümidlər bəslənildiyi deyilib.

POEZİYA GECƏSİ

Bu gün Mərkəzimizdə poeziya gecəsi təşkil olunub.

Poeziya gecəsinin təşkilatçılarından olan Urxan Seyidov bildirib ki, Azərbaycan multikultural bir ölkədir və Azərbaycanda gənclər həm azərbaycan dilində, həm rus, ingilis və digər dillərdə şerlər yazırlar: “Ona görə də, bu gün poeziya gecəsində şerlər müxtəlif dillərdə, o cümlədən Azərbycan, ingilis və rus dillərində səsləndirilir”.

U.Seyidov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanla müxtəlif ölkələr arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir: “Məqsədimiz müxtəlif ölkələrdən olan şairlərin bir araya gətirilməsi, oxucularla şairlər arasında canlı ünsiyyətin qurulmasıdır. Texnologiyaların inkişafı sayəsində bu gün çox şey “online” formada həyata keçirilir, oxucular şairlərlə canlı ünsiyyətdə ola bilmir. Biz bu tədbiri keçirməklə həm oxuculara şairlərlə canlı ünsiyyətdə olmaq, həm də onları maraqlandıran sualları verməyə şərait yaratmaqdır”.

Poeziya gecəsinə şairlər Urxan Seyidov, Əsli Dilbazi, Nizami Cəfərov, Zəhra Bədəlbəyli müxtəlif dillərdə öz şerlərini səsləndiriblər. Gecəyə həmçinin skayp vasitəsilə Avstraliyada və digər ölkələrdə olan şairlər də qoşulub və şerlərini səsləndiriblər. Daha sonra şairlər oxucuları maraqlandıran sualları cavablandırıblar. Mərkəzimiz bu cür tədbirləri gələcəkdə də davam etdirəcək.

Mənbə: cppglobal.org, 26 NOYABR 2016

“Bir, iki, bizimki”…

Kamal Abdullanın “Bir, iki, bizimki” adlı pyesinə Əlif Cahangirin quruluşunda baxdığım tamaşadan sonra teatra sevgim qat-qat artıb.

Ölüm, ölümə qarşı qorxu…

Məncə, həyatımızın iki əsas yolu var – qorxu və sevgi. Qorxu olanda çox şeyi dərindən dərk edə bilmirik, hiss etməyə imkan tapmırıq. Bu qorxular insanların bir-biri ilə münasibətinə böyük zərbə vurur.

Ölüm isə həyatımızın ən böyük qorxusuna çevrilir, çünki ölümdən sonrakı həyat sual altındadır. Sual olmasaydı, qorxu da olmazdı yəqin. Ancaq inam və sevgi ilə yaşayan kəs qorxu olmadan real həyatı tərk edə bilir… Real? Əslində, o tərəfdəki həyat buradakından daha real ola bilər.

“Sənin ağlında nə varsa – orda hər şey mövcuddur…”

Teatrda da öz beynində mövzuya aid olan rəsmləri tamaşaçıya çatdırmaq üçün milyonlarla üslub, xətt, vasitələr mövcuddur.

Onlardan istifadə etmək üçün rejissor və aktyorlar da qorxudan azad olmalıdırlar. Məhz bu azadlıq Ayşad Məmmədov və Ziya Ağanın ifasında çox aydın hiss olunur.  Quruluş çox qeyri-adi görünsə də, tamaşaçını tam apara bilir.

Tamaşadan sonrakı təəssürat çox maraqlı göründü. Musiqi ilə işıq kompozisiyaların harmoniyasını duya bildim.

İki dəfə tamaşanı izlədim, yenə də baxmaq istərdim. Qorxulardan azad olmaq üçün…